İnsanlar adətən artıq çəkidən şikayət edib, internetdən oxuduqları, ətrafdakılardan eşitdikləri əsasında qeyri-sağlam pəhrizlər saxlayaraq arıqlamağa cəhd göstərirlər. Bu pəhrizlər isə bəzən onların ağır xəstəliyə tutulması və ya ölümü ilə nəticələnir.
Teleqraf.com dünyanın ən arıq qadını Valeriya Levitina haqqında məlumat verəcək.
Rus əsilli Valeriya Levitina uşaqlıq illərində məktəbin ən gözəl qızlarından biri idi.

O, 16 yaşında model olmaq üçün Moskvada reklam agentliklərindən birinə müraciət edir. Reklam agentliyi isə onun köklüyünü ələ salıb, bu çəki ilə model ola bilməyəcəyini deyir.

Əslində Valeriya kök deyildi. Lakin bu cavabdan sonra gözəl görünməyi qarşısına məqsəd qoyub, pəhriz saxlamağa başlayır. Bəziləri fikirləşir ki, onu “ölüm pəhrizi” saxlamağa məcbur edən artıq çəkisini ələ salan dostları idi.

1994-cü ildə “Miss Çikaqo” gözəli seçilən Valeriya Levitina bununla kifayətlənmir. O, daha gözəl görünmək üçün başlatdığı pəhrizə davam edir. Pəhrizlə o qədər arıqlayır ki, anası onu “yeriyən cəsəd” adlandırırdı.
Bir müddət sonra saxladığı pərhiz Valeriyanı ölümcül xəstəlik – anoreksiya nevroza ilə üzləşdirir.

Anoreksiya nevroza nədir?
Məsələn, siz artıq çəkidən şikayət edir, şəkərli və unlu qidaları rasionunuzdan çıxarırsınız. Bu pəhrizlə yanaşı, ağır idman hərəkətləri də sizin yaxın dostunuz olur. İdeal çəkinizə çatırsınız, insanlar sizin bu çəki ilə gözəl olduğunuzu, artıq normal qidalana biləcəyinizi deyirlər. Amma çəkiniz sizi qane etmir və daha çox arıqlamağı qarşınıza hədəf qoyursunuz.
Beləliklə, demək olar, bütün qidalardan imtina edib, hava və su ilə kifayətlənirsiz. İşin maraqlı tərəfi isə odur ki, hiss etdiyiniz aclıq hər şeyin qaydasında olduğunu düşündürür və sizə keyf verir.
Arıqlamaqda o həddə gəlirsiniz ki, çəkinizi ələ salanlar “bir dəri - bir sümük qaldın” deyərək, sizə məsləhətlər verməyə başlayırlar.
Amma siz güzgüyə baxdığınız zaman özünüzü gombul biri olaraq görürsünüz. Bədəninizdə sümük və dəri xaric nə ət, nə də yağ olur. Yeriyən skletdən fərqlənmirsiz, hətta yeriməkdə belə çətinlik çəkirsiniz. Solğun bədəniniz, qırışmış dəriniz, tökülmüş saçlarınız, qırılan dırnaqlarınız qalır...
Ürək ritminiz yavaşlayır, metobolizmanız gücdən düşür, bununla yanaşı, zamanla sümük xəstəlikləri də bu sıraya əlavə olunur.

172 sm boy, 25 kq çəkisi ilə dünyanın ən arıq qadını olaraq tanınan Valeriya Levitina xəstəliyin müalicəsinə başlasa da, xilas ola bilmir. Valeriya 2013-cü ilin dekabr ayında dünyasını dəyişir.
Valeriyanı ən çox təəccübləndirən və narahat edən isə onun kimi olmaq istəyən gənc qızların yazdığı yüzlərlə elektron məktublar olur. Valeriya deyirdi: “Məktubların çoxunu 20 yaşlı qızlar yazırdı. Necə arıq qala bildiyimi onlara da öyrətməyimi istəyirdilər. Lakin bu bir oyun, yaxud zarafat deyil. Bu, onların həyatıdır. İnsanlara necə öləcəklərini öyrədə bilmərəm.
İnsanların xoşbəxt, sağlam həyat yaşamalarını arzulayıram. Xarici görünüşümə görə hər kəs məndən uzaq qaçır. Əgər artıq çəkili olduğunuzu hesab edirsinizsə, həkim məsləhəti ilə arıqlamağa çalışın. Şüursuz şəkildə başlatdığınız pəhriz həyatınızı sizdən almaqla nəticələnə bilər”.

Qeyd edək ki, anoreksiya xəstəliyi özünə inmasızlıq və psixologiyanın pozulması nəticəsində öz-özünə əmələ gələ bilər və əksər hallarda ölümlə nəticələnir.
Anoreksiya xəstəliyi həm fiziki, həm də zehni səbəblərdən qaynaqlandığına görə müalicəyə başladığınız zaman xəstə olduğunuzu inkar edəcəksiniz. Qəribə tərəfi odur ki, bəzi anoreksiya xəstələri bu hallarına aşiq olur və sümüklərinin daha qabarıq görünməsindən həzz alırlar.