BAKI, 16 noyabr. TELEQRAF

İtaliyanın Roma şəhərində yerləşən NATO Müdafiə Kollecində 36-cı NATO Regional Əməkdaşlıq Kursunun (NRCC-36) buraxılış mərasimi keçirilib.

Bu barədə Teleqraf-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Ordusunu təmsil edən ədliyyə polkovnik-leytenantı Emil Qasımov strateji səviyyəli tədris proqramını müvəffəqiyyətlə başa vuraraq diplomla təltif olunub.

Kurs müddətində peşəkarlıq və akademik fəallıq nümayiş etdirən zabitimiz strateji düşünmə, tənqidi təhlil və kollektiv qərarvermə bacarıqları ilə fərqlənib. O, müzakirələr və tapşırıqların icrasında xüsusi təşəbbüsləri ilə ölkəmizi təmsil edib.

Kollec rəhbərliyinin yekun rəyində çoxmillətli mühitdə səmərəli əməkdaşlığı və akademik müzakirələrə töhfələri vurğulanan ədliyyə polkovnik-leytenantı E.Qasımovun "NATO ilə Qafqaz regionu arasında təhlükəsizlik tərəfdaşlığı" mövzusunda hazırladığı elmi iş yüksək qiymətləndirilib.