BAKI, 28 oktyabr. TELEQRAF
Asiya İnkişaf Bankı Dövlət Neft Şirkəti (SOCAR) və onun törəmə müəssisələri ilə birlikdə Qərbi Abşeron yatağında metan emissiyalarının azaldılmasına yönəlmiş investisiyaların müəyyənləşdirilməsi və prioritetləşdirilməsi istiqamətində layihələr planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sunniya Durrani-Camal Bakıda keçirilən 9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda deyib.
O bildirib ki, Bank, həmçinin, Azərbaycan Mərkəzi Bankına yaşıl maliyyələşdirmə çərçivəsinin hazırlanmasında dəstək göstərib:
“Bu çərçivənin artıq kommersiya banklarında tətbiqinə başlanıldığını məmnuniyyətlə qeyd etmək istərdim. Eyni zamanda, Maliyyə Nazirliyinə yaşıl istiqrazlar çərçivəsi proqramı üzrə dəstək göstəririk. Bu təşəbbüs də kapital bazarlarının inkişafına kömək edəcək. İqtisadiyyat Nazirliyi ilə isə dövlət-özəl tərəfdaşlığı layihələri üzrə əməkdaşlıq edirik. Bu layihələr günəş enerjisi sahəsində ilk investisiya mərhələsinin maliyyələşdirilməsinə imkan yaradıb".