BAKI, 28 oktyabr. TELEQRAF
“Bakıda islahatlara başlanmazdan əvvəl taksilərin 60 faizdən çoxunun yaşı 15 ildən artıq idi. Bu gün isə Bakı şəhərində taksilərin orta yaşı beş il təşkil edir”.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Bakıda keçirilən 9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda deyib.
O qeyd edib ki, taksi parkının bu qədər qısa müddətdə yenilənməsi baxımından Azərbaycan hətta Avropa miqyasında ön sıralarda yer alır:
“Təbii ki, bu dəyişikliklər ətraf mühitə vurulan zərərin azaldılmasına da töhfə verir. Hazırda taksi parkının təxminən 70 faizini hibrid və elektriklə işləyən nəqliyyat vasitələri təşkil edir.
Yerüstü nəqliyyatla yanaşı, relsli nəqliyyatı da xüsusi qeyd etmək istərdim. Metropolitendə hazırda həyata keçirilən islahatlar gələcək illərdə sərnişindaşıma qabiliyyətini əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək. Bu isə avtomobillərə tələbatın azalmasına və nəticə etibarilə ətraf mühitə vurulan zərərin aşağı düşməsinə şərait yaradacaq.
Bu gün metro və avtobus sistemləri, yəni ictimai nəqliyyat vasitələri Bakı şəhərində gündəlik orta hesabla 2,6 milyon sərnişin daşıyır. Növbəti illərdə bu göstəricinin daha da artacağı gözlənilir.
Eyni zamanda, Dövlət Proqramında tramvay xətlərinin şaxələndirilməsi və mərhələli şəkildə istifadəyə verilməsi də qarşıya məqsəd qoyulub. Bu istiqamətdə planlı işlər davam etdirilir”.
Rəhman Hümmətov əlavə edib ki, dəmir yolu nəqliyyatında da müsbət dinamika müşahidə olunur:
“İki il əvvəl Bakı dairəvi dəmir yolu xətti ilə gündəlik təxminən 30 min sərnişin daşınırdısa, hazırda bu rəqəm 53 minə çatıb. Bununla belə, növbəti illərdə sərnişin sayının dəfələrlə artacağı gözlənilir. Çünki bu istiqamətdə də planlı işlər davam etdirilir”.