BAKI, 27 oktyabr. TELEQRAF
Azərbaycanda meyvə və tərəvəz emalı, süd və ət məhsulları istehsalı, taxıl emalı, soyutma, saxlama, doldurma və qablaşdırma sahələrində müasir həllərə tələbatın artdığını görürük. Almaniya şirkətləri məhz bu sahələrdə real dəyişikliklərə töhfə verə bilərlər.
Teleqraf xəbər verir ki, bu barədə Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azerbaijan) icraçı direktoru Narqis Vik Bakıda keçirilən Almaniya-Azərbaycan biznes-konfransında deyib.
O qeyd edib ki, avtomatlaşdırma, rəqəmsallaşma, qida təhlükəsizliyi, keyfiyyətə nəzarət və enerji səmərəliliyi də getdikcə daha böyük əhəmiyyət kəsb edir:
“Alman mühəndisliyi innovativ texnologiyaları, proseslərin yüksək keyfiyyətini və etibarlı sənaye həllərini özündə birləşdirir.
Lakin Almaniya istehsalı olan avadanlıqların ilkin alış qiyməti həmişə ən aşağı olmur. Burada əsas meyar avadanlığın bütün istismar dövrü ərzində çəkilən ümumi xərclərdir. Buraya məhsuldarlıq, resurs sərfiyyatı, avadanlığın boşdayanma müddəti, texniki xidmət xərcləri və istismar müddəti daxildir”.
N. Vik əlavə edib ki, Almaniya şirkətləri yalnız avadanlıq təklif etmirlər, həm də uzunmüddətli tərəfdaşlıq qururlar:
“Onlar sifarişçinin ehtiyaclarına uyğun mühəndislik həlləri təqdim edir, ixracın maliyyələşdirilməsi və maliyyə institutları ilə əməkdaşlıq da daxil olmaqla, uyğun maliyyələşdirmə həllərinin formalaşdırılmasına kömək edə bilirlər. Şirkətlər avadanlıqların quraşdırılması və istismara verilməsini dəstəkləyir, yerli əməkdaşlara təlim keçir və bilik və təcrübələrini bölüşürlər. Öhdəliklər avadanlıq təhvil verildikdən sonra da davam edir: satışdan sonrakı xidmətlər, texniki qulluq, ehtiyat hissələri, zəmanət və texniki dəstək təmin olunur. Azərbaycan istehsalçıları üçün bu, investisiya prosesinin bütün mərhələlərində etibarlı tərəfdaş deməkdir.
Almaniya həlləri qida təhlükəsizliyinin təmin edilməsinə, məhsulların izlənəbilənliyinə və beynəlxalq sertifikatlaşdırma tələblərinə uyğunluğa da kömək edə bilər. Bu, xüsusilə ixrac bazarlarına çıxmağa çalışan şirkətlər üçün böyük əhəmiyyət daşıyır”.