BAKI, 28 oktyabr. TELEQRAF

“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) xaric edilməlidir”.

Teleqraf xəbər verir ki, bunu KTMT-nin keçmiş baş katibi general-polkovnik Nikolay Bordyuja deyib.

Rusiyalı generalın fikrincə, İrəvan faktiki olaraq təşkilatın fəaliyyətində iştirak etməsə də, qəbul edilən qərarlara təsir hüququnu qoruyub saxlayır.

Bordyujanın sözlərinə görə, Ermənistanın təşkilatda iştirakını dondurmasına baxmayaraq, ölkə formal olaraq KTMT-nin tamhüquqlu üzvü olaraq qalır. Təşkilatda bütün qərarlar konsensus əsasında qəbul edildiyindən, İrəvanın mövqeyi hələ də nəzərə alınmalıdır. Amma o qeyd edib ki, Ermənistanın mövqeyi artıq KTMT-nin fəaliyyətinə uyğun gəlmir.

“Mən onları təşkilatdan xaric edərdim. Üzvlük haqlarını ödəmirlər, təşkilatın fəaliyyətində iştirak etmirlər. Əgər məsələni ciddi şəkildə qoysaq, təşkilatdan çıxmalıdırlar, əgər ciddi tərəfdaşdırlarsa. Amma mövqeləri ikili xarakter daşıyır: nə təşkilatdan çıxırlar, nə də işləmək istəyirlər, iştirak etmirlər və istəkləri də yoxdur. Buna görə də onları xaric etmək lazımdır”, - general-polkovnik vurğulayıb.