BAKI, 27 oktyabr. TELEQRAF
Azərbaycanda meyvə və tərəvəz emalı, süd və ət məhsulları istehsalı, taxıl emalı, soyutma, saxlama, doldurma və qablaşdırma sahələrində müasir həllərə tələbatın artdığını görürük.
Teleqraf xəbər verir ki, bu barədə Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azerbaijan) icraçı direktoru Narqis Vik Bakıda keçirilən Almaniya-Azərbaycan biznes-konfransında deyib.
O qeyd edib ki, avtomatlaşdırma, rəqəmsallaşma, qida təhlükəsizliyi, keyfiyyətə nəzarət və enerji səmərəliliyi də getdikcə daha böyük əhəmiyyət kəsb edir:
“Almaniya şirkətləri məhz bu sahələrdə real dəyişikliklərə töhfə verə bilərlər. Alman mühəndisliyi innovativ texnologiyaları, proseslərin yüksək keyfiyyətini və etibarlı sənaye həllərini özündə birləşdirir.
Lakin Almaniya istehsalı olan avadanlıqların ilkin alış qiyməti həmişə ən aşağı olmur. Burada əsas meyar avadanlığın bütün istismar dövrü ərzində çəkilən ümumi xərclərdir. Buraya məhsuldarlıq, resurs sərfiyyatı, avadanlığın boşdayanma müddəti, texniki xidmət xərcləri və istismar müddəti daxildir”.
N. Vik əlavə edib ki, Almaniya şirkətləri yalnız avadanlıq təklif etmirlər, həm də uzunmüddətli tərəfdaşlıq qururlar.