BAKI, 28 oktyabr. TELEQRAF

“Gələcəkdə Azərbaycan, Türkiyə, Ermənistan və Gürcüstanın Avropa İttifaqına üzvlüyü həmin ölkələrin inkişafından asılı olacaq”.

Teleqraf xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb Belçikanın Brügge şəhərində Avropa Kollecində tədris ilinin açılış mərasimində çıxışı zamanı deyib.

Stubbun sözlərinə görə, 30 ildən sonra Avropa İttifaqının təxminən 40 üzvü olacaq, bu da dünyadakı suveren dövlətlərin 20 faizini təşkil edir:

“Üzvlük formaları bugünkü kimi fərqli olacaq. Bütün ölkələrin milli valyutası avro olmayacaq, amma Avropa İttifaqı indiki ilə müqayisədə xeyli genişlənəcək.

Şəxsən mən Qərbi Balkanın bütün ölkələrinin, Ukraynanın və Moldovanın da Avropa İttifaqına üzv olmasını istəyirəm. Əlbəttə, İslandiya, Norveç, İsveçrə və Böyük Britaniyanı da Avropa İttifaqında görmək istərdim. Kanada isə ən azı assosiativ üzv olacaq. Azərbaycan, Türkiyə, Ermənistan və Gürcüstan kimi ölkələrə gəlincə, bu, onların inkişafından asılı olacaq.

Bütün bunlar iddialı səslənir? Bəlkə də qeyri-real görünür. Ancaq bir daha deyirəm: gəlin, bizə mümkünsüz görünənləri təsəvvür edək. Sizcə, Avropa İttifaqının qurucuları birliyin bu gün 27 üzvünün olacağını düşünürdülərmi? Hələ 30 il əvvəl liderlər Avropa İttifaqı üzvlərinin sayının ikiqat artacağını gözləyirdilərmi? Vahid valyutamızın olacağını təsəvvür edirdilərmi? Yaxud Avropa İttifaqının ticarət, rəqabət, gömrük və pul siyasəti sahələrində müstəsna səlahiyyətlərə malik, dünyada ən sıx inteqrasiya olunmuş birliklərdən birinə çevriləcəyini düşünürdülərmi? Onun mühüm geosiyasi aktora çevriləcəyini təsəvvür edirdilərmi? Buna görə də növbəti 30 il ərzində Avropa İttifaqının daha da dərinləşəcəyini və genişlənəcəyini gözləməliyik”.

Finlandiya Prezidentinin sözlərinə görə, Avropa İttifaqının genişlənməsi prosesi maneəsiz getməyəcək:

“Bu proses problemsiz keçəcəkmi? Əlbəttə, yox. Avropa İttifaqı çox vaxt inkişafın üç mərhələsindən keçir: böhran, xaos və optimal olmayan qərarlar. Bir avropalı kimi məni ən çox Avropanın təhlükəsizliyi narahat edir. Bu baxımdan, müharibədən sonrakı dövr, yəni Rusiya-Ukrayna müharibəsindən sonra yaranacaq vəziyyət həlledici olacaq”.

Aleksandr Stubb vurğulayıb ki, əsas məsələ Rusiyanın qonşu ölkələrə yenidən hücum etməsinin qarşısını alacaq Avropa təhlükəsizlik sisteminin yaradılmasıdır:

“NATO dünyanın ən güclü və ən böyük hərbi ittifaqı olaraq qalacaq. Bu, müdafiə ittifaqıdır, ekspansionist ittifaq deyil. Bizim üçün əsas məsələ Rusiyanın qonşu ölkələrə yenidən hücum etməsinin qarşısını alacaq Avropa təhlükəsizlik sisteminin yaradılmasıdır. Buna nail olmaq üçün etimadın bərpasına yönəlmiş tədbirlər görülməlidir.

Bəli, bilirəm, bu, darıxdırıcı səslənir. Ancaq təhlükəsizlik məhz belə olmalıdır - o qədər darıxdırıcı ki, hər kəs özünü kifayət qədər müdafiə olunmuş hiss etsin və qonşusuna hücum etməyə ehtiyac duymasın.

Hesab edirəm ki, 1975-ci il Helsinki razılaşmaları özünü doğrultdu. Bununla belə, ATƏT 2008-ci ildə Gürcüstanda, 2014-2022-ci illərdə isə Ukraynada Rusiyanın təcavüzünün qarşısını almaq üçün kifayət qədər güclü olmadı. Buna baxmayaraq, vəziyyəti düzgün məcraya qaytarmağa çalışmalıyıq. Etimadın formalaşması vaxt və səbir tələb edir”.