BAKI, 27 oktyabr. TELEQRAF
Bu gün İqtisadiyyat Nazirliyi ilə İspaniyanın IE Universiteti arasında Liderlik və İnnovasiya Mərkəzinin nəzdində Rəqabətqabiliyyətlilik və İqtisadi Transformasiya üzrə “IE Azerbaijan” Rəsədxanasının yaradılması və inkişafına dair çərçivə əməkdaşlıq sazişi imzalanıb.
Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli İspaniyanın IE Universitetinin Liderlik və İnnovasiya Mərkəzinin açılışı mərasimində deyib.
O qeyd edib ki, rəsədxana Azərbaycanın iqtisadi inkişafına dair biliklərin formalaşdırılması və müvafiq siyasətin dəstəklənməsi məqsədilə akademik dairələri, dövlət qurumlarını və biznes nümayəndələrini bir araya gətirəcək.
“Onun fəaliyyəti iqtisadiyyatın şaxələndirilməsi, məhsuldarlıq, rəqabətqabiliyyətlilik və beynəlxalq təcrübəyə uyğunlaşma istiqamətlərində tətbiqi tədqiqatlara yönələcək. Bu tədqiqatlar qlobal təcrübədən öyrənməyə, beynəlxalq dialoqu inkişaf etdirməyə və əldə olunan sübutları praktiki siyasət həllərinə çevirməyə kömək edəcək.
İnanırıq ki, IE Universitetinin Liderlik və İnnovasiya Mərkəzi insan kapitalının inkişafına, Azərbaycanın iqtisadi rəqabətqabiliyyətliliyinin gücləndirilməsinə və innovasiya potensialının artırılmasına töhfə verəcək.
Məqsədimiz beynəlxalq bilik və təcrübəni ölkənin iqtisadi prioritetləri ilə əlaqələndirmək, insan kapitalına yatırılan investisiyaları daha yüksək məhsuldarlığa və konkret iqtisadi nəticələrə çevirməkdir”, - deyə nazir müavini əlavə edib.