BAKI, 28 oktyabr. TELEQRAF
“Ermənistanın müasir tarixində dövlətçiliyimizə vurulan ən böyük zərbə 27 Oktyabr terror aktı olub”.
Teleqraf xəbər verir ki, bunu erməni konfliktoloq Arsen Xaratyan deyib.
“Bu terror aktından sonra Ermənistan siyasi rəhbərliyi başsız qaldı. Müəyyən mərhələdə bunu Ermənistanın “Kennedi hadisəsi” kimi xarakterizə edirdim. Çünki bu hadisəyə cəlb olunanların miqyası və iştirak forması o qədər mürəkkəbdir ki, bu günə qədər hadisənin necə baş verdiyini və bunu kimin etdiyini aydınlaşdıra, yaxud bu barədə açıq danışa bilmirik”, - o vurğulayıb.
Arsen Xaratyana görə, hadisədə xarici qüvvələrin izləri açıq görünür:
“27 Oktyabr terror aktından əvvəl o vaxtkı baş nazir Vazgen Sərkisyan ABŞ-yə səfər etmişdi. Cinayəti törədənlərin xarici qüvvələrlə əməkdaşlıq edən təhlükəsizlik qurumları ilə əlaqələri vardı. Ermənistan hakimiyyətinin başını kəsmək kimə lazım idi? Müxtəlif ehtimallar irəli sürə bilərik. Əgər Robert Köçəryanın kimləri polis rəisi təyin etdiyini təhlil etsək, bunun kimə sərfəli olduğu çoxları üçün aydınlaşar”.
Ekspert iddia edib ki, həmin dövrdə Ermənistan hakimiyyəti suverenliyə doğru istiqamət seçmişdi: “Mehri dəhlizi məsələsi də müzakirə olunurdu. Amma bu və Qarabağ münaqişəsinin həlli Rusiyanın maraqlarına uyğun gəlmirdi”.
Xatırladaq ki, 27 Oktyabr hadisəsi Nairi Hunanyanın başçılıq etdiyi 5 silahlı şəxs tərəfindən 1999-cu ildə Ermənistan parlamentində törədilmiş, nəticədə ölkənin siyasi rəhbərliyindəki de-fakto qərar qəbul edən baş nazir Vazgen Sərkisyan və spiker Karen Dəmirçyan daxil olmaqla 8 nəfərin öldürüldüyü terror aktıdır. Sarkisyan və Dəmirçyanın koalisiyası həmin ilin mayında keçirilən parlament seçkilərini səs çoxluğu ilə qazanmış və praktiki olaraq prezident Robert Köçəryanı siyasi səhnədən kənarlaşdırmışdı. Silahlı hücum ölkənin siyasi mənzərəsində ciddi dəyişikliklərə səbəb oldu. Bu, əsasən, terror aktından sonra tez-tez avtoritar olaraq tənqid olunan Köçəryanın daxil olduğu çoxsaylı konspirasiya nəzəriyyələrinin mövzusu olaraq qalır.