QƏBƏLƏ, 27 oktyabr. TELEQRAF

Qəbələdə Yengicə su anbarının tikintisi davam etdirilir.

Teleqraf-ın Qəbələyə ezam olunan əməkdaşı xəbər verir ki, Yengicə su anbarının tikintisi üzrə işlər hazırda davam etdirilir.

Su anbarı Qəbələ rayonu ərazisində, Yengicə kəndi yaxınlığında, Vəndamçay və Qaraçay çaylarının birləşdiyi hissədə layihələndirilib.

Layihə çərçivəsində rayon üzrə ümumilikdə 10 min hektar kənd təsərrüfatına yararlı torpaq sahəsinin su təminatının yaxşılaşdırılması nəzərdə tutulur. Bu ərazilərə Yenikənd, Zalam, Kiçik Əmili və Böyük Əmili kəndlərinin 8 602 hektar, Bilix və Məlikli kəndlərinin isə 1 398 hektar əkin sahəsi daxildir.

Ümumilikdə, 10 min hektar torpaq sahəsinin 3 388 hektarında su təminatının yaxşılaşdırılması, 6 612 hektarında isə yeni suvarmanın həyata keçirilməsi planlaşdırılır.

Su anbarının ümumi həcmi 17,5 milyon kubmetr təşkil edir. Bəndin hündürlüyü 45 metr, uzunluğu 449,5 metr, eni isə 10 metrdir.

Yengicə su anbarının tikintisinə 2024-cü ildə başlanılıb.

Qeyd edək ki, Yengicə su anbarının tikintisi Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli, 2178 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üzrə Tədbirlər Planı”na uyğun olaraq nəzərdə tutulub.