BAKI, 27 oktyabr. TELEQRAF
Azərbaycan Biznesinin İnkişafı Fondunun idarəetməsində olan aktivlərin həcmi təxminən 950 milyon dollar təşkil edir.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Biznesinin İnkişafı Fondunun (ABİF) İnvestisiya departamentinin direktoru Mikayıl Əliyev Bakıda keçirilən Almaniya-Azərbaycan biznes-konfransında deyib.
O qeyd edib ki, Fondun kapital qoyuluşunun maksimal məbləği 20 milyon manatdır:
“Fond layihələrdə 30 faizə qədər paya malik minoritar səhmdar olur. Layihələrdə iştirak müddəti isə adətən 5-7 il təşkil edir.
Fondun prioritet sahələrinə qida məhsullarının emalı, əczaçılıq, tikinti materialları istehsalı, yaşıl enerji və digər sahələr daxildir.
Digər maliyyə məhsullarına güzəştli kreditlər, kreditlər üzrə zəmanət və faiz subsidiyaları daxildir. Güzəştli kreditlərin məbləği, bir qayda olaraq, 30 milyon manata qədər olur. Kredit müddəti 10 ilədək, faiz dərəcəsi isə təxminən 8 faiz təşkil edir.
Bununla yanaşı, ABİF 6,5 faizə qədər faiz subsidiyaları təqdim edir. Fond həmçinin uzunmüddətli kreditlərin ilk üç ili ərzində faiz xərclərini subsidiyalaşdırır”.