BAKI, 28 oktyabr. TELEQRAF
Süni intellekt və rəqəmsal texnologiyalar gənc qızların imkanlarını genişləndirməli, onların liderlik potensialını gücləndirməlidir.
Teleqraf xəbər verir ki, bunu Afrika Gənclər İttifaqının gənclər üzrə sədri Anais Roxanne Dagrou VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forum çərçivəsində “Bilik, söz haqqı və liderlik: ortaq gələcək naminə müxtəlif mədəniyyətlərdə qadınların və qızların imkanlarının genişləndirilməsi” mövzusunda keçirilən ssesiyada deyib.
Onun sözlərinə görə, kənd yerlərində yaşayan qızların rəqəmsal imkanlara çıxışında ciddi maneələr mövcuddur:
"Hökumətlər bu maneələrin aradan qaldırılması üçün tədbirlər görməli, qızların texniki bacarıqlarının və süni intellekt savadlılığının artırılmasına diqqət yetirməlidirlər. Süni intellektdən istifadə ilə yanaşı, onun etik prinsiplərə uyğun tətbiqi də vacibdir. Bu sahədə gender bərabərliyinin təmin edilməsi üçün qadınların və qızların texnologiyaların hazırlanması və tətbiqi prosesinə daha geniş cəlb olunmasına ehtiyac var".
Anais Roxanne Dagrou vurğulayıb ki, texnologiya şirkətləri də gənc qadınların inkişafına töhfə verməlidirlər:
"Bunun üçün ödənişli təcrübə proqramları, ədalətli işə qəbul imkanları və mentorluq mexanizmləri yaradılmalıdır. Gənc qızlara yalnız yeni biliklər öyrətmək kifayət deyil, onların bu bilikləri real iş mühitində tətbiq etmələrinə və qərarların qəbulunda iştiraklarına da şərait yaradılmalıdır".