BAKI, 28 oktyabr. TELEQRAF
Səudiyyə Ərəbistanı İƏT ölkələrini korrupsiyaya qarşı mübarizədə əməkdaşlığı gücləndirməyə çağırıb.
Teleqraf xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı Krallığının Nəzarət və Korrupsiyaya Qarşı Mübarizə Qurumunun prezidenti Mazin bin İbrahim Əl-Kahmus bu gün Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksək Səviyyəli Görüşündə bildirib.
O, tədbirin təşkilinə və göstərilən qonaqpərvərliyə görə Azərbaycana təşəkkür edib.
M.Əl-Kahmus korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın və məlumat mübadiləsinin gücləndirilməsinin vacibliyini vurğulayıb.
O, cinayət yolu ilə əldə edilmiş gəlirlərin müəyyənləşdirilməsi və izlənməsi üçün üzv dövlətləri Səudiyyə Ərəbistanının təqdim etdiyi qətnamə layihəsini dəstəkləməyə və Globe-E şəbəkəsinə qoşulmağa çağırıb.
Qurum rəhbəri Məkkə-Əl-Mükərrəmə Korrupsiyaya Qarşı Mübarizə Əməkdaşlığı Konvensiyasına digər üzv dövlətlərin də qoşulmasının əhəmiyyətini qeyd edib.