BAKI, 28 oktyabr. TELEQRAF
BMT-nin Azərbaycandakı nümayəndəliyi 2026–2030-cu illəri əhatə edən və Azərbaycan hökuməti ilə birgə hazırlanmış BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsi vasitəsilə Azərbaycana dəstək göstərməyə sadiqdir.
Teleqraf xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident əlaqələndiricisi Dmitro Şlapaçenko Bakıda keçirilən 9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda deyib.
O bildirib ki, Əməkdaşlıq Çərçivəsinin ikinci prioriteti çərçivəsində qarşıya qoyulan ümumi məqsəd 2030-cu ilədək Azərbaycanda insanların yaşıl artımdan, ədalətli keçiddən, ekosistemlərin gücləndirilməsindən və iqlim dəyişikliklərinə qarşı dayanıqlılığın artırılmasından faydalanmasını təmin etməkdir.
“Xüsusilə qeyd etmək istərdim ki, hazırkı Əməkdaşlıq Çərçivəsində yaşıl artım və iqlim dayanıqlılığına daha çox diqqət yetirilir. Bu istiqamətə ayrılan planlaşdırılmış investisiyaların həcmi 2021–2025-ci illəri əhatə edən əvvəlki əməkdaşlıq dövrü ilə müqayisədə üç dəfə artırılıb", deyə D. Şlapaçenko qeyd edib.