BAKI, 28 oktyabr. TELEQRAF
Bugünkü toplantı İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları arasında əməkdaşlığın gücləndirilməsinə sadiqliyinin göstəricisidir.
Teleqraf xəbər verir ki, bu barədə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmayıl Ould Şeyx Əhməd bu gün Bakıda keçirilən İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksək Səviyyəli Görüşündə bildirib.
O bildirib ki, 2024-cü ilin noyabrında Dohada keçirilən ikinci nazirlər iclası zamanı 21 üzv dövlət Konvensiyanı imzalayıb:
"Həmin toplantıda həmçinin praktiki əməkdaşlığın təşviqinə, dürüstlük dəyərlərinin dərinləşdirilməsinə və İƏT-in müvafiq beynəlxalq səylərə töhfəsinin gücləndirilməsinə yönəlmiş üç qətnamə qəbul edildi. Bu kontekstdə birinci və ikinci nazirlər toplantılarına ev sahibliyi etdiklərinə və onların uğurla keçirilməsini təmin etmək üçün göstərdikləri mühüm səylərə görə Səudiyyə Ərəbistanı Krallığına və Qətər Dövlətinə təşəkkür etmək və minnətdarlığımı bildirmək istərdim.
Korrupsiyanın törədilməsində istifadə olunan daha mürəkkəb və təkmilləşmiş üsullara qarşı mübarizə aparmaq üçün mövcud dinamikanı qoruyub saxlamalı və onu daha da gücləndirməliyik. Bura korrupsiyadan əldə edilən qanunsuz gəlirlərin sərhədlərdən keçirilməsi, aktivlərin gizlədilməsi və hüquq-mühafizə orqanlarının araşdırmalarının pozulması üçün texnoloji tərəqqidən sui-istifadə edilməsi daxildir.
Bu məqsədlə ratifikasiya prosesini həyata keçirməliyik. Məkkə əl-Mükərrəmə Konvensiyası səlahiyyətli hüquq-mühafizə orqanlarının istintaq və hüquq-mühafizə fəaliyyəti ilə bağlı digər mərhələlərdə əməkdaşlığını gücləndirməsi üçün düzgün çərçivədir.
Bu məqsədə nail olmaq üçün Konvensiyanın qüvvəyə minməsi üçün ən azı 19 üzv dövlət tərəfindən ratifikasiya edilməsinə nail olmalıyıq".