BAKI, 28 oktyabr. TELEQRAF
Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası üzrə 5-ci Könüllü Milli Hesabatının 2027-ci ildə təqdim olunması nəzərdə tutulur.
Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Bakıda keçirilən 9-cu Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda deyib.
O bildirib ki, dayanıqlı inkişaf məqsədlərinin icrasında yeni mərhələyə başlanılıb. Bu mərhələ DİM-lərin regional səviyyədə lokallaşdırılmasını nəzərdə tutur. Bu məqsədlə Şuşa və Naxçıvan seçilib.
Nazir müavininin sözlərinə görə, bu ilin mart-aprel aylarında regionlara səfərlər edilib, Qarabağ Universitetində və Naxçıvan Dövlət Universitetində tədbirlər keçirilib. Universitetlər DİM-lərin lokallaşdırılması prosesində yaxından iştirak edir və bununla bağlı yol xəritəsi hazırlanıb.