BAKI, 28 oktyabr. TELEQRAF

Tehranın “MDB + İran” formatının yaradılması təşəbbüsü digər iştirakçı ölkələrə qarşı ikinci dərəcəli sanksiyaların tətbiqi təhlükəsi səbəbindən Müstəqil Dövlətlər Birliyinin (MDB) dağılmasını sürətləndirə bilər.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.

“Yeni potensial “MDB + İran” mexanizmi (yaradılacağı təqdirdə) birliyin özü üçün bir növ “qara qu quşu”na çevriləcək. Sanksiyalara məruz qalmayan digər üzv dövlətlər dünya ticarətinin tamhüquqlu iştirakçıları olaraq qalmaq istəyirlərsə, zərərli tərəfdaşlardan sürətlə uzaqlaşmağa məcbur olacaqlar”, - məlumatda bildirilib.

Kəşfiyyatın məlumatına görə, Tehran sanksiya təzyiqləri şəraitində öz məhsullarını yeni bazarlara çıxarmaq üçün Xəzəryanı nəqliyyat layihələrindən istifadə etməyə çalışır:

“Söhbət, xüsusilə, 2000-ci illərin əvvəllərində elan edilmiş Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizindən gedir. Kreml dəfələrlə bu layihəni maliyyələşdirməyi, tamamlamğı və tam gücü ilə işə salmağı vəd etsə də, vədlərin əksəriyyəti kağız üzərində qalıb”.

Qeyd edilib ki, birliyin digər iştirakçıları artıq Rusiyanın nəqliyyat marşrutlarına alternativlər axtarırlar:

“Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Azərbaycan Rusiyadan yan keçən və onun iştirakını nəzərdə tutmayan dəhlizləri fəal şəkildə inkişaf etdirirlər. Xüsusilə, Orta Dəhliz çərçivəsində genişləndirilmiş əməkdaşlıq formatı olan CASCA+ marşrutu artıq Asiya-Sakit okean regionu ilə Avropanı uğurla birləşdirib”.

Kəşfiyyat xidməti vurğulayıb ki, Rusiya və İran onlara qarşı tətbiq edilmiş məhdudiyyətlərin sayına görə lider ölkələr sırasında olduğundan, yeni formatın yaradılması onun digər iştirakçıları üçün ikinci dərəcəli sanksiyalar riskini artıra bilər.

Xatırladaq ki, oktyabrın 10-da Aşqabadda keçirilən sammit zamanı İran Prezidenti Məsud Pezeşkian iqtisadi və nəqliyyat əməkdaşlığı məqsədilə “MDB ölkələri + İran” formatının yaradılmasını təklif edib.