BAKI, 28 oktyabr. TELEQRAF
Korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlıq gücləndirilməlidir.
Teleqraf xəbər verir ki, bunu Rusiyanın Baş prokuroru Aleksandr Qutsan bu gün Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksək Səviyyəli Görüşündə bildirib.
O, İƏT çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq səylərin birləşdirilməsinin, BMT və digər beynəlxalq təşkilatlar daxilində vahid mövqenin formalaşdırılmasının vacibliyini vurğulayıb.
A.Qutsan Rusiyanın İƏT üzvü olan dövlətlərin antikorrupsiya qurumları ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, bir sıra ölkələrlə müvafiq saziş və fəaliyyət proqramlarının imzalandığını bildirib:
“Rusiya qanunsuz aktivlərin müsadirəsi təcrübəsini genişləndirir. Bu tədbirlər cinayət yolu ilə əldə edilmiş əmlakla yanaşı, korrupsionerlərin, onların qohumlarının və əlaqəli şəxslərin əldə etdiyi qanunsuz gəlirləri də əhatə edir. Rəqəmsal texnologiyalar qanunsuz kapitalın gizlədilməsini çətinləşdirən yeni üsullar yaratsa da, maliyyə əməliyyatlarının və aktivlərin benefisiar sahibliyinin təhlilində də geniş imkanlar açır”.
A.Qutsan, həmçinin Moskvada BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin təşkilatçılığı ilə Korrupsiyaya qarşı Konvensiyanın icrasının nəzərdən keçirilməsi üzrə ekspertlər üçün təlim kurslarına başlanıldığını deyib.
O, İƏT üzv dövlətlərinin nümayəndələrini bu təlimlərdə iştiraka dəvət edib.