BAKI, 28 oktyabr. TELEQRAF
Azərbaycanda 2027–2028-ci illərədək 2 giqavatlıq əlavə bərpa olunan enerji gücünün yaradılması nəzərdə tutulur.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov Bakıda keçirilən 9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda deyib:
“Hazırda Azərbaycanda elektrik enerjisinin istehsalı üzrə ümumi qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payı 22 faizdən bir qədər az, təxminən 21,5 faizdir. 2030-cu ilədək bu göstəricinin 34 faizə çatdırılması hədəflənir və bu istiqamətdə sürətlə irəliləyirik”.
Elnur Soltanov əlavə edib ki, Azərbaycan yaşıl enerji sahəsində regional lider mövqeyindədir:
“Bərpa olunan enerji bir çox hallarda artıq bazar şərtləri çərçivəsində ənənəvi, yəni fosil yanacaqlara əsaslanan enerji ilə rəqabət apara bilir. Lakin bu, bütün hallarda belə deyil.
Məsələn, nəzərdə tutulan 2 giqavatlıq yeni qoyuluş gücü Azərbaycana təxminən 2 milyard dollar həcmində investisiya cəlb edilməsi deməkdir. "Masdar" şirkəti bu sahədə ölkəmizlə əməkdaşlığa başlayan ilk şirkətlərdən biridir və Azərbaycanın ən mühüm strateji tərəfdaşlarından sayılır. 2028-ci ilədək yaradılması nəzərdə tutulan gücün 1 giqavatdan çox hissəsinin məhz "Masdar" şirkətinin layihələrinin payına düşəcəyi gözlənilir.
Amma diqqət çəkmək istədiyim məqam budur ki, 2 milyard dollarlıq investisiya qarşılığında Azərbaycan dövləti elektrik şəbəkəsinin gücləndirilməsinə bunun təxminən beşdə biri qədər vəsait xərcləməli ola bilər”.