BAKI, 28 oktyabr. TELEQRAF

Azərbaycanda artan enerji tələbatının qarşılanması üçün alternativ və bərpa olunan enerji mənbələrindən daha geniş istifadə olunması nəzərdə tutulur.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Bakıda keçirilən 9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda deyib.

Nazir müavini qeyd edib ki, 2021–2025-ci illərdə Azərbaycanda qeyri-neft sənayesi 1,5 dəfə, qeyri-neft ixracı isə 2 dəfə artıb. Onun sözlərinə görə, bu artım enerji tələbatını yüksəldir, karbon emissiyaları və ətraf mühitlə bağlı məsələləri daha da aktuallaşdırır:

“Bu məqsədlə Azərbaycan bir sıra regional layihələrə start verib. Bunlara Xəzər, Qara dəniz, Avropa və Mərkəzi Asiyanı əhatə edən yaşıl enerji dəhlizləri daxildir.

Dayanıqlı inkişaf məqsədlərinin əsas istiqamətlərindən biri olan bərpa olunan enerji sahəsində 7 layihə həyata keçirilir”.

Səməd Bəşirlinin sözlərinə görə, son dövrlərdə ölkəyə cəlb olunan investisiyalar və imzalanmış müqavilələr çərçivəsində nəzərdə tutulan enerji istehsalı gücləri ümumilikdə 8 giqavata çatıb.