BAKI, 28 oktyabr. TELEQRAF

Təhsil, şübhəsiz ki, təməldir.

Teleqraf xəbər verir ki, bunu Heydər Əliyev Fondu tərəfindən təsis edilmiş "Regional İnkişaf" İctimai Birliyinin nümayəndəsi Aydan Ramazanova VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forum çərçivəsində “Bilik, söz haqqı və liderlik: ortaq gələcək naminə müxtəlif mədəniyyətlərdə qadınların və qızların imkanlarının genişləndirilməsi” mövzusunda keçirilən ssesiyada deyib.

Aydan Ramzanovanın sözlərinə görə, məşğulluq o zaman əhəmiyyət kəsb edir ki, insanlar əldə etdikləri biliklərdən layiqli iş tapmaq və əlçatan təhsil imkanlarından yararlanmaq üçün istifadə edə bilsinlər:

"Buna görə də qızların məktəbdə təhsil almasını təmin etmək yalnız təhsilə çıxış və sinif otaqlarında bacarıqların inkişafı ilə məhdudlaşmamalıdır. Məktəblərin şagirdlər üçün nə dərəcədə əlverişli və inklüziv olması, icmaların və ailələrin təhsilin dəyərini anlaması da vacibdir. Eyni zamanda, qızlar əldə etdikləri biliklərlə layiqli iş imkanları arasında əlaqəni görməlidirlər. Bu baxımdan motivasiyaya da diqqət yetirməliyik".

O bildirib ki, Heydər Əliyev Fondu beynəlxalq təşəbbüsləri vasitəsilə qlobal Cənub ölkələrində və digər bölgələrdə məktəbləri və təhsil infrastrukturunu dəstəkləyib.