BAKI, 28 oktyabr. TELEQRAF

“AzərEnerji” tərəfindən Mingəçevirdə inşa edilən 1 880 meqavat gücündəki yeni elektrik stansiyası əvvəlki istilik elektrik stansiyası ilə müqayisədə daha az yanacaq sərf edir. İllik elektrik enerjisi istehsalı zamanı təxminən 1 milyard kubmetr təbii qaza qənaət olunur.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsini icra edən Fərman Qurbanlı Bakıda keçirilən 9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda deyib.

O qeyd edib ki, bununla yanaşı, ildə təxminən 2 milyon ton karbon qazı ekvivalentində emissiyanın atmosferə atılmasının qarşısı alınır:

“Bu nümunədən də göründüyü kimi, enerji səmərəliliyinin artırılmasına yönəlmiş bir layihə bir neçə Dayanıqlı İnkişaf Məqsədinə töhfə verə bilər. Atmosferə çirkləndirici maddələrin atılmasının azaldılması insanların sağlamlığının qorunmasına və DİM-in 3-cü məqsədinə, yeni iş yerlərinin yaradılması isə 8-ci məqsədinə xidmət edir.

Eyni zamanda, stansiyada təbii qaza qənaət olunması həmin resursun digər ölkələrə, o cümlədən Avropa İttifaqına və digər Qərb ölkələrinə ixracı üçün əlavə imkanlar yaradır. Bu, həm əlavə gəlir mənbəyinin formalaşması, həm də Avropa İttifaqının enerji təhlükəsizliyinə töhfə verilməsi baxımından əhəmiyyətlidir.

Emissiyaların azaldılması üzrə milli fəaliyyətimiz beynəlxalq təşəbbüslərdə iştirakımızla da tamamlanır. Azərbaycan Qlobal Metan Vədinə də qoşulub. Bu könüllü təşəbbüs çərçivəsində 2030-cu ilədək qlobal metan emissiyalarının 2020-ci il səviyyəsi ilə müqayisədə kollektiv şəkildə 30 faiz azaldılması nəzərdə tutulur. Bu istiqamətdə də müvafiq işlər davam etdirilir”.