BAKI, 28 oktyabr. TELEQRAF
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev iri sərvət sahibləri üçün artırılmış vergi dərəcəsinin tətbiqi ideyasının müzakirə olunmasını təklif edib.
Teleqraf xəbər verir ki, bu barədə o, Qurultayda xalqına müraciəti zamanı bildirib.
“Vergitutmanın ədalətliliyi məsələsi üzərində ayrıca dayanmaq istəyirəm. Hesab edirəm ki, böyük sərvət sahibləri üçün artırılmış vergi dərəcəsinin tətbiqini müzakirə etməyin vaxtı çatıb. Heç kim qanuni yolla əldə edilmiş aktivləri hansısa şəkildə məhdudlaşdırmaq niyyətində deyil. Bu, Konstitusiyanın özünə zidd olardı”, - Tokayev deyib.
Prezident qeyd edib ki, söhbət hər bir vətəndaşın ölkənin inkişafına öz imkanlarına uyğun və ədalətli töhfə verməsindən gedir:
“Hökumət və Qurultay məsələni araşdırmalı və təkliflər hazırlamalıdır. Vergitutmanın ədalətli olması şəffaflıq, deməli, tam rəqəmsallaşma tələb edir. Vergilərin yığılmasını artırmaq, kölgə iqtisadiyyatını azaltmaq və korrupsiya risklərini minimuma endirmək üçün süni intellekt də daxil olmaqla qabaqcıl texnologiyalardan istifadə etmək lazımdır”.
O, həmçinin 2025-ci ildə qəbul edilmiş yeni Vergi Məcəlləsinin toxunulmaz müqəddəs mətn olmadığını və biznesin maraqlarını nəzərə almaq, müəssisələrin fəaliyyətini asanlaşdırmaq üçün ona başqa düzəlişlərin də edilməli olduğunu vurğulayıb:
“Bunu hərtərəfli ölçülüb-biçilmiş şəkildə etmək lazımdır ki, sahibkarların fəaliyyət qaydalarını hər dəfə dəyişməyə ehtiyac qalmasın. Qanunvericiliyimiz o qədər həcmli və mürəkkəbdir ki, sahibkarlar üçün əsl başağrısına çevrilib”.