BAKI, 28 oktyabr. TELEQRAF

Qətər İƏT üzv dövlətlərini korrupsiyaya qarşı mübarizə konvensiyasını ratifikasiya etməyə çağırıb.

Teleqraf xəbər verir ki, bunu Qətər Dövlətinin İnzibati Nəzarət və Şəffaflıq Orqanının (ACTA) prezidenti Həmad bin Nasir bin Rəşid Əl-Misnad bu gün Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksək Səviyyəli Görüşündə bildirib.

Həmad bin Nasir bin Rəşid Əl-Misnad tədbirə ev sahibliyi etdiyinə və yüksək səviyyəli təşkilatçılığa görə Azərbaycana təşəkkür edib, həmçinin İƏT Baş Katibliyinin üzv dövlətlər arasında əməkdaşlığın inkişafı istiqamətində səylərini yüksək qiymətləndirib:

“Qətər 2024-cü ilin noyabrında Dohada keçirilən ikinci nazirlər görüşünə ev sahibliyi edib. Həmin tədbirdə Məkkə-Əl-Mükərrəmə Konvensiyasına qoşulan üzv dövlətlərin sayı 24-ə çatıb”.

O, Qətərin də konvensiyanı ratifikasiya etdiyini qeyd edərək, digər üzv dövlətləri də bu addımı atmağa çağırıb: “Mövcud siyasi və təhlükəsizlik çağırışları milli resursların qorunmasını və transmilli cinayətkarlığa qarşı mübarizədə əməkdaşlığın genişləndirilməsini zəruri edir”.

O, dövlətlərin suverenliyinə hörmətin, münaqişələrin sülh yolu ilə həllinin və cəzasızlığa qarşı mübarizənin vacibliyini vurğulayıb.

H.Əl-Misnad çıxışının sonunda Qətərin sədrliyi dövründə göstərilən əməkdaşlığa görə İƏT üzv dövlətlərinə və Baş Katibliyə təşəkkür edib, Azərbaycanın bu istiqamətdə səyləri davam etdirəcəyinə və praktiki nəticələr əldə olunmasına töhfə verəcəyinə əminliyini ifadə edib.