BAKI, 25 noyabr. TELEQRAF

Azərbaycanda açıq maliyyə sisteminin tətbiqi sığorta ödənişlərinin müştərilərin seçdiyi bank hesablarına daha rahat köçürülməsinə, eləcə də sığorta müqavilələri üzrə aylıq ödənişlərin avtomatlaşdırılmasına imkan yaradacaq.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının baş direktoru Abas Miskərli X Beynəlxalq Bankçılıq Forumunda (IBF 2026) çıxışında deyib.

Onun sözlərinə görə, hazırda sığorta hadisəsi baş verdikdə müştəri ödənişin köçürülməsi üçün sığorta şirkətinə bank rekvizitlərini təqdim etməlidir:

“Yeni sistemdə isə müştəri sığorta şirkətinin tətbiqində digər banklardakı hesablarını görə biləcək, eyni zamanda ödənişin köçürüləcəyi hesabı seçərək təsdiqləyə biləcək.

Bundan başqa, sığorta müqaviləsinin bağlanması zamanı da müəyyən üstünlüklər yaranacaq. Məsələn, siz kasko sığortası əldə edirsiniz və sığorta şirkəti ilə ödənişi altı-yeddi ay ərzində hissə-hissə həyata keçirmək barədə razılaşırsınız. Hazırda müqavilə bağlandıqdan sonra hər ay elektron bankçılıq platformasına daxil olaraq ödənişi özünüz həyata keçirməlisiniz.

Açıq maliyyə sistemi tətbiq olunduqdan sonra isə bu funksionallıqları bir-biri ilə əlaqələndirə biləcəyik. Beləliklə, siz sığorta şirkətinin tətbiqində hansı bank hesabınızdan hər ay nə qədər vəsaitin avtomatik çıxılacağını seçə biləcəksiniz. Bütün proses vahid tətbiq üzərindən həyata keçiriləcək”.