BAKI, 27 noyabr. TELEQRAF
Torpaq sahəsinin planı və ölçüsü sənədinin daşınmaz əmlakın dövlət qeydiyyatı üçün hüquqi əsas kimi nəzərdə tutulması təklif edilir.
Teleqraf xəbər verir ki, müvafiq qanun layihəsi ilə Mülki Məcəlləyə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna yeni müddəalar əlavə olunur.
Təklifə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun müəyyən etdiyi hallarda torpaq sahəsinin planı və ölçüsü sənədi daşınmaz əmlakın dövlət qeydiyyatı üçün təqdim edilməli sənədlər sırasına daxil ediləcək.
Bu tələb Mülki Məcəllənin 139-1.1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində əksini tapacaq.
Beləliklə, torpaq sahəsinin planı və ölçüsü sənədinin qeydiyyat prosedurunda təqdim olunması qanunvericilik səviyyəsində ayrıca təsbit ediləcək.
Layihə torpaq sahələri ilə bağlı qeydiyyat prosedurlarının hüquqi əsaslarının təkmilləşdirilməsini nəzərdə tutur.