BAKI, 27 noyabr. TELEQRAF
2027-ci yanvar 1-dən Azərbaycanda banklar üçün maliyyələşdirilmiş emissiyalar üzrə hesabat tələbi qüvvəyə minir.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın (AMB) Dayanıqlı maliyyə şöbəsinin iqtisadçısı Əli Əhmədzadə “Maliyyə sektorunda ekoloji, sosial və idarəetmə (ESG) amilləri” adlı tədbirdə deyib.
O qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən banklar gələn ilin birinci rübündə 2026-cı hesabat ili üzrə dayanıqlılıq göstəricilərinə dair məlumatı ictimaiyyətə açıqlamalıdırlar:
“Bu məlumatlar dörd sütun üzrə qruplaşdırılıb: idarəetmə, strategiya, risklərin idarə edilməsi və kəmiyyət göstəriciləri.
Burada məqsəd bankların hazırkı hazırlıq səviyyəsini və potensialını nəzərə almaq, onlara keçid dövrü verməkdir. Gələcəkdə açıqlama və hesabatlılıq tələbləri daha da artırılacaq”.
Ə.Əhmədzadə əlavə edib ki, “İdarəetmə” bölməsi üzrə banklardan ESG sahəsində vəzifə və səlahiyyət bölgüsünü, rəhbərliyin bu istiqamətdəki bilik və bacarıqlarını, eləcə də ESG meyarlarının mükafatlandırma siyasətində nəzərə alınıb-alınmadığını açıqlamaq tələb olunur.
“Strategiya” bölməsində banklar iqlim və digər ESG risklərinin onların biznes modellərinə təsirini necə qiymətləndirdiklərini qeyd etməli, iqlim hədəflərini və ya keçid planlarını açıqlamalı, dayanıqlı məhsul və xidmətləri varsa, onlar barədə məlumat verməlidirlər.
“Risklərin idarə edilməsi” bölməsində isə banklar qeyd etdiyim riskləri, xüsusilə fiziki və keçid risklərini ayrı-ayrılıqda necə qiymətləndirdiklərini açıqlamalıdırlar. Bu risklərin qısa, orta və uzunmüddətli dövrdə yarada biləcəyi təsirlər göstərilməlidir. Əgər banklar stress-testlərdən istifadə edirlərsə, onların nəticələri də açıqlanmalıdır.
“Kəmiyyət göstəriciləri”nə gəldikdə isə banklardan yaşıl kreditlərin, eləcə də dayanıqlılıqla əlaqəli kreditlərin həcmini, iqtisadi sektorlar üzrə maliyyələşdirdikləri kreditləri və bunun nəticəsində yaranan maliyyələşdirilmiş emissiyaları açıqlamaq tələb olunur”, - deyə o bildirib.