BAKI, 27 noyabr. TELEQRAF

Torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması zamanı yeni sənəd tələbi tətbiq edilə bilər.

Teleqraf xəbər verir ki, yeni qanun layihəsinə əsasən, müəyyən edilmiş hallarda torpaq sahəsinin dövlət qeydiyyatı üçün onun planı və ölçüsünü əks etdirən sənədin təqdim edilməsi tələb olunacaq.

Bu dəyişiklik Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna əlavə və dəyişiklikləri nəzərdə tutur.

Layihədə qeyd olunur ki, torpaq sahələrinə münasibətdə plan və ölçü sənədi yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun müəyyən etdiyi hallarda tələb ediləcək.

Bu isə o deməkdir ki, sənəd tələbi bütün torpaq sahələrinə avtomatik şamil edilməyəcək. Onun hansı hallarda tələb olunacağı müvafiq qurum tərəfindən müəyyənləşdiriləcək.

Dəyişiklik qəbul ediləcəyi təqdirdə, torpaq sahələrinin dövlət qeydiyyatı zamanı təqdim olunan sənədlərin siyahısı genişləndiriləcək.