BAKI, 26 sentyabr. TELEQRAF

Azərbaycanın işğaldan azad edilən əraziləri üzrə inteqrasiya olunan planlaşdırma çərçivəsi təxminən 10 600 kvadratkilometr ərazini, 12 şəhəri, 11 qəsəbəni və təxminən 900 kəndi əhatə edir.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışında deyib.

Komitə sədri qeyd edib ki, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirakçılarının 12%-i özəl sektorun nümayəndələri olub:

“Bu, qlobal şəhərsalma gündəmində biznes və investisiyaların artan rolunu, eləcə də şəhər transformasiyasının həyata keçirilməsində dövlət-özəl tərəfdaşlığının daha da gücləndirilməsinin əhəmiyyətini nümayiş etdirdi.

Azərbaycan üçün bu, mühüm mesaj idi. Şəhərlərin gələcəyini yalnız hökumətlər və planlaşdırıcılar formalaşdıra bilməz. Bu forumun özü Azərbaycanın hərəkət etdiyi istiqamətin göstəricisidir.

Biz beynəlxalq investorları, inkişaf şirkətlərini və maliyyə institutlarını bu prosesin bir hissəsi olmağa dəvət edirik. Biz öz vizyonumuzu bölüşməyə, tərəfdaşlıqlar qurmağa və yaranmaqda olan imkanları uzunmüddətli investisiyalara və davamlı dəyərə çevirməyə hazırıq”.