BAKI, 26 sentyabr. TELEQRAF
Azərbaycan ikinci dəfə Beynəlxalq İnvestisiya Forumu çərçivəsində qlobal investorları Bakıda bir araya gətirib. 3 000-dən çox iştirakçınin qeydiyyatdan keçdiyi, 70 ölkədən 803 xarici nümayəndənin qatıldığı platformada aktivlərinin ümumi həcmi təxminən 30 trilyon ABŞ dollara çatan şirkətlər, maliyyə qurumları iştirak edir.
Teleqraf xəbər verir ki, bu dəfəki müzakirələrdə BlackRock/GIP, Franklin Templeton, PGIM, Brookfield, KKR, Ares, Neuberger Berman kimi qlobal investisiya qurumları, eləcə də Türkiyə Sərvət Fondu, Sinqapurun Temasek fondu və digər böyük institusional investorlar təmsil olunur.
Mövzusu "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" olan formda Azərbaycanın investisiya imkanları xüsusi diqqət mərkəzindədir. Belə ki, ölkənin strateji coğrafi mövqeyi, nəqliyyat-logistika imkanları, iqtisadi zonalarda yaradılmış müasir infrastruktur, vergi və gömrük güzəştləri, habelə dövlət-özəl tərəfdaşlığı mexanizmləri və tərəfdaş ölkələrlə təsis edilmiş birgə investisiya fondları investorlara dayanıqlı layihələrdə iştirak etmək və bütün regiona texnologiya, kapital və təcrübə gətirən tərəfdaşlıqlar qurmaq üçün geniş imkanlar açır. Məhz bu göstəriciləri nəzərə alaraq, formun sonunda bir sıra şirkətlərlə yeni investisiya müqavilələrinin imzalanacağı istisna edilmir. İqtisadiyyat naziri Mikayıl Cabbarov da tədbirin ilk günündə vuğuladı ki, Azərbaycan bu gün təkcə kapital ixrac etməkdə deyil, ölkəyə daxili investisiyaların cəlbində yüksək təşəbbüslərə malikdir.
Onu da vurğulayaq ki, 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun nəticələri Azərbaycana artan marağı aydın şəkildə nümayiş etdirib. Ötən il ümumi dəyəri 10 milyard ABŞ dollarından çox olan investisiya sazişləri imzalanıb, bunun 7 milyarddan çoxu qeyri-neft sektorunun payına düşüb. Yuxarıda qeyd etdiyimiz kimi, bu il iştirakçıların coğrafiyası daha da genişlənib, beynəlxalq institutlar, investorlar və aparıcı şirkətlər daha geniş şəkildə təmsil olunurlar. Bu həm Azərbaycana olan etimadı, həm də geniş regionun artan iqtisadi əhəmiyyətini əks etdirir.
Nəzərə çatdıraq ki, bu dəfəki forumun ilk günündə artıq müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan 12 sənəd və sazişlər imzalanıb.
İmzalanan sənədlər arasında aşağıdakılar yer alıb:
Tikinti və inkişaf sahəsində əməkdaşlıq – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Anar Axundov və "ROX Group" Səhmdar Cəmiyyətinin baş icraçı direktorunun müavini tərəfindən imzalanıb.
Azərbaycanda günəş və külək enerjisi layihələri üzrə əməkdaşlıq – Azərbaycan Respublikası Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktoru Cavid Abdullayev və "ROX Group" Səhmdar Cəmiyyətinin icraçı direktorunun müavini Ta Ngoc Da tərəfindən imzalanıb.
Yeni texnologiya əsasında silisium karbidi, silisium oksidi və silisium istehsalı – Ələt Azad İqtisadi Zonası İdarə Heyətinin sədri Valeh Ələsgərov və "Inovest AFEZCO" şirkətinin təsisçisi Vitali Yevdokimenko tərəfindən imzalanıb.
Baytarlıq vaksinlərinin istehsalı layihəsi – Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinin sədri Ülvi Mansurov və "VETAL HAYVAN SAĞLIĞI ÜRÜNLERİ A.Ş." şirkətinin direktoru Abdullah Tutak tərəfindən imzalanıb.
Eləcə də "Esyasoft", SOCAR və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi arasında əməkdaşlıq – SOCAR prezidenti Rövşən Nəcəf, “Esyasoft”un nümayəndəsi Bipin Çandra və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi tərəfindən imzalanıb.
SOCAR ilə İtaliya Futbol Federasiyası arasında strateji əməkdaşlıq, Azərbaycan və Ukrayna arasında investisiyaların təşviqi sahəsində əməkdaşlıq, Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə “Microsoft Ireland Operations Limited” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
Bəli, Azərbaycan artıq özünü etibarlı tərəfdaş kimi sübut edib. Bu gün 16 ölkəyə (onlardan 10-u Avropa İttifaqının üzvü olmaqla), eləcə də bir çox dövlətə neft və neft məhsulları tədarük edilir.Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşına çevrilir. Ənənəvi enerji sektoru ilə yanaşı yaşıl enerji dəhlizlərini inkişaf etdirir. Belə ki, Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizi üzrə işlər sürətlə irəliləyir. Layihənin texniki-iqtisadi əsaslandırmasının 2027-ci ilin may ayında başa çatdırılması, dəhlizin isə 2032-ci ildə fəaliyyətə başlaması gözlənilir. Digər mühüm təşəbbüs Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan Yaşıl Enerji Dəhlizidir. Bu layihə üzrə hökumətlərarası sazişin gələn ilin noyabrında COP31 çərçivəsində imzalanması planlaşdırılır. Naxçıvan vasitəsilə Azərbaycan–Türkiyə elektrik enerjisi interkonnektorunun inkişaf etdirilməsi də xüsusi strateji əhəmiyyət daşıyır. İlkin ötürmə gücü 1 QVt olacaq bu layihə ölkələrimizin elektrik enerjisi sistemləri arasında yeni bağlantı yaradacaq.Gələcəkdə bu layihə Azərbaycanın digər ərazilərində və Mərkəzi Asiyada istehsal olunan yaşıl elektrik enerjisinin Zəngəzur dəhlizi vasitəsilə Türkiyə və Avropa bazarlarına çatdırılması üçün əlavə imkanlar da yaradacaq”.
Həmçinin Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinə ev sahibliyi edir ki, bu da ölkəni Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə çevirib. Dünya Bankının 2023-cü ildə apardığı qiymətləndirmələrə görə, düzgün investisiyalar və səmərəlilik tədbirləri Orta Dəhliz boyunca ticarət axınlarını 2030-cu ilədək üç dəfə artıra və daşınma müddətini yarıya endirə bilər. Bu yanaşma bu gün Avropa İttifaqının Orta Dəhlizə münasibətində və siyasətində də öz əksini tapır.
Bu müsbət meyillər beynəlxalq reytinq agentlikləri tərəfindən də etiraf olunur. “Fitch” və “Moody's” agentlikləri Azərbaycanın suveren kredit reytinqlərini investisiya səviyyəsinə yüksəldərək, növbəti dövr üzrə proqnozu müvafiq olaraq “sabit” və “müsbət” kimi qiymətləndirib. Maliyyə dayanıqlığımız 2025-ci ilin sonunda ÜDM-in 110 faizini ötüb.
Makroiqtisadi göstəricilər də Azərbaycanın iqtisadi potensialının yüksək olmasından xəbər verir. Hazırda ölkənin strateji valyuta ehtiyatları təxminən 91 mlrd. dollar təşkil edir. Bu göstərici xarici dövlət borcunu 20 dəfəyə yaxın üstələyir. Son illər ÜDM 10 dəfə artaraq 76 milyard manata çatıb. Adambaşına düşən ÜDM isə 8 dəfə artıb. 2020-ci ildən etibarən qeyri-neft sektorunda real ÜDM artımı orta hesabla ildə 5 faiz təşkil edib, qeyri-neft sənayesi 1,5 dəfə artıb, qeyri-neft ixracı isə təxminən iki dəfə yüksəlib. Nəticədə 2025-ci ildə qeyri-neft sektorunun ÜDM-də payı 72 faizə çatıb. Ölkədə yoxsulluq dərəcəsi 45 faizdən 5 faizədək düşüb.
Son 30 ildə Azərbaycana 360 milyard ABŞ dollarından çox sərmayə yatırılıb. Bunun yarısını birbaşa xarici investisiyalar təşkil edir. 2026-ci ilin yanvar-avqust aylarında xarici mənbələr üzrə investisiyaların həcmi 3,6 milyard olub. İlk "top 5-likdə" Böyük Britaniya, Türkiyə, Kipr, Rusiya və İran yer alıb.