BAKI, 25 sentyabr. TELEQRAF
Bu günə kimi həyata keçirilən geoloji axtarış-kəşfiyyat işləri nəticəsində hazırda Azərbaycanda 1000-dən artıq faydalı qazıntı yatağı qeydiyyata alınıb.
Teleqraf xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışında deyib.
O qeyd edib ki, xüsusilə Azərbaycanın Kiçik Qafqaz, Naxçıvan və Balakən-Zaqatala bölgələrində müəyyən edilmiş metal filizi yataqları kritik mineral xammal potensialının qiymətləndirilməsi üçün mühüm əsas yaradır:
“Filizçay, Xarxar, Göydağ və Dəmirli kimi yataqların müxtəlif öyrənilmə və işlənmə mərhələlərində olması hər bir layihəyə ayrıca elmi və iqtisadi yanaşma tələb edir.
Həm bu geniş potensiala dair məlumatların əlçatanlığını artırmaq, həm də investisiya mühitini təkmilləşdirməkməqsədilə hazırda 1932-ci ildən fəaliyyət göstərən Dövlət Geoloji İnformasiya Fondunun məlumat bazasının rəqəmsallaşdırılması istiqamətində fəal işlər aparılır.
Əsas prioritetimiz məhz bu cür müasir yanaşmalar və ardıcıl geoloji-kəşfiyyat işləri vasitəsilə mövcud potensialı dəqiqləşdirmək, iqtisadi cəhətdən səmərəli ehtiyatları ciddi ekoloji tələblərə uyğun şəkildə istifadəyə cəlb edərək, Azərbaycanın zəngin mineral ehtiyatları və əlverişli coğrafi mövqeyi hesabına qlobal kritik xammal təchizatının şaxələndirilməsinə mühüm töhfə verməkdir”.