BAKI, 26 sentyabr. TELEQRAF

Son illər turizm Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin mühüm komponentinə çevrilib. 2025-ci ildə turizmlə bağlı fəaliyyət sahələrində əlavə dəyərin həcmi 7 milyard manata yaxın olub.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışında deyib.

O qeyd edib ki, turizm sektorunun milli iqtisadiyyatdakı payı təxminən 5,4 faizə çataraq pandemiyadan əvvəlki səviyyəni ötüb:

“Təkcə 2025-ci ildə turizm xidmətlərindən təxminən 2 milyard ABŞ dolları həcmində valyuta əldə edilib.

Bu rəqəmlər göstərir ki, turizm iqtisadiyyatımızın bir çox digər sahələrinə güclü təsir göstərən investisiya sektorudur.

2026–2030-cu illər üzrə Turizmin İnkişafına dair yeni qəbul edilmiş Fəaliyyət Proqramı turizm siyasətimizdə yeni mərhələni ifadə edir. Proqramın əsas prioritetlərindən biri turizm üçün daha cəlbedici və rəqabətqabiliyyətli investisiya mühitinin yaradılmasıdır.

Otellər və yerləşmə vasitələri, sağlamlıq və kurort müəssisələri, qış idmanı obyektləri, eləcə də işgüzar turizmi dəstəkləyən konqres obyektləri kimi əsas investisiya layihələri üçün kredit təşkilatlarından manatla əldə olunan kreditlər üzrə faiz subsidiyalarına dair yeni mexanizm tətbiq olunur”.