BAKI, 26 sentyabr. TELEQRAF
Gələcəyə dair baxışımız Azərbaycanda yaşıl enerjinin yaradılması və kabellər vasitəsilə Avropaya ötürülməsidir.
Teleqraf xəbər verir ki, bu barədə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışında deyib.
O qeyd edib ki, bu, strateji istiqamətdir:
“Ölkə olaraq bağlantı məsələsi də bizim üçün əsas elementlərdən biridir. Optik kabellər vasitəsilə Çini Avropa ilə birləşdiririk.
Beləliklə, uğur formulunun bütün zəruri elementlərinə sahibik. Hazırda rəqəmsal iqtisadiyyat strategiyamız var və bu strategiya 50-dən çox təşəbbüsü əhatə edir. Strategiyada böyük hipermiqyaslı texnologiya şirkətlərinin Azərbaycana gələrək məlumat mərkəzləri yaratması üçün xüsusi təşviqlərin formalaşdırılmasına xüsusi diqqət yetirilir.
Bu gün "Oracle" şirkətinin Azərbaycana gəlməsi ilə bağlı müqavilə imzaladıq. Bundan əvvəl "Microsoft" ilə də müqaviləmiz var idi. Həmçinin "Heymaker" ilə Azərbaycanda məlumat mərkəzinin yaradılması ilə bağlı müqavilə imzalamışıq. Beləliklə, Azərbaycanı regional mərkəzə çeviririk. Bu məlumat mərkəzləri yalnız Azərbaycanın yerli bazarına deyil, həm də regional və qlobal bazarlara xidmət göstərəcək”.