BAKI, 26 sentyabr. TELEQRAF
2018–2026-cı illər ərzində 5 böyük sosial islahat paketi həyata keçirilib. Bu islahatların illik əlavə maliyyə tutumu 8 milyard manat olmaqla, 4 milyon nəfəri əhatə edib.
Teleqraf xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışında deyib.
O qeyd edib ki, həyata keçirilən tədbirlər nəticəsində minimum əməkhaqqı 3,1 dəfə, minimum pensiya 2,9 dəfə, orta aylıq pensiya isə 2,6 dəfə artıb:
“Sosial müavinət və təqaüd ödənişlərinin həcmi 5 dəfə artaraq 2,1 milyard manata çatıb. Həmin dövrdə işlə təmin olunanların sayı 3,6 dəfə, özünüməşğulluq proqramına cəlb olunanların sayı 2,7 dəfə, peşə hazırlığına cəlb olunanların sayı 7,1 dəfə, işsizlikdən sığorta ödənişləri ilə əhatə olunanların sayı isə 4,3 dəfə artıb.
Eyni zamanda, əmək müqavilələrinin sayı 44,6 faiz artaraq 1,86 milyona çatıb, əməkhaqqı fondu isə 3,4 dəfə artıb.
Bu göstəricilər ölkəmizdə sosial müdafiə sisteminin gücləndirilməsi ilə yanaşı, əmək münasibətlərinin rəsmiləşdirilməsi və əmək bazarının şəffaflığının artırılması istiqamətində həyata keçirilən ardıcıl siyasətin nəticələrini də əks etdirir.
Son illərdə Azərbaycanda sosial müdafiə və məşğulluq sahəsində rəqəmsal transformasiya da uğurla həyata keçirilir”.
O qeyd edib ki, nazirlik tərəfindən göstərilən 152 xidmətin 90 faizi elektronlaşdırılıb, o cümlədən 55 proaktiv xidmət istifadəyə verilib:
“Hazırda elektron sistemlərimizin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir.
Əmək və məşğulluq sahəsində islahatların mühüm mərhələsini təşkil edən Əmək və Məşğulluq alt sistemi üzərindən əmək müqavilələrinin 97 faizi elektron qaydada bağlanıb”.