BAKI, 25 sentyabr. TELEQRAF

Azərbaycanın şimalında yerləşən Filizçay yatağında təxminən 3 milyon ton sink, yarım milyon ton mis və 3 milyon tondan çox qurğuşun ehtiyatı var.

Teleqraf xəbər verir ki, bunu “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu layihələrin başlanması Azərbaycanın mədənçıxarma sənayesinin inkişafına töhfə verməklə yanaşı, regional səviyyədə təchizat zəncirində ölkənin rolunu da gücləndirəcək.

O bildirib ki, xüsusilə Naxçıvan ərazisində genişmiqyaslı kəşfiyyat işləri aparılır:

"Bununla biz geoloji bazanı formalaşdırmaqla yanaşı, gələcək emal imkanlarını da təmin edirik. Yalnız mədən ehtiyatlarının aşkar edilməsi kifayət deyil və təchizatın real təhlükəsizliyi emal imkanlarının mövcudluğunu tələb edir. Bu məqsədlə Azərbaycan Ələt Kritik Minerallar Habının yaradılması üzərində çalışır.

Burada eyni məkanda emal, logistika xidmətləri, investisiya imkanları və beynəlxalq bazarlara çıxış mövcud olacaq. Bura xüsusi zona olacaq. Biz investorları sadəcə Azərbaycana gəlib mədən hasilatı ilə məşğul olmağa deyil, emalı birlikdə həyata keçirməyə, texnologiya, təcrübə və kapital gətirməyə dəvət edirik”, - deyə o vurğulayıb.

Sədr bildirib ki, bununla bağlı artıq praktiki nəticələr var. Belə ki, Birləşmiş Ərəb Əmirliklərindən olan International Resources Holding şirkəti ilə müqavilə imzalanıb. Müqavilə Naxçıvan ərazisini əhatə edir və şirkət kəşfiyyat sahəsində təcrübəsini və müasir yanaşmalarını Azərbaycana gətirir.

Onun sözlərinə görə, Özbəkistanla da birgə kəşfiyyat və hasilat üzrə müqavilələr mövcuddur.