BAKI, 25 sentyabr. TELEQRAF
Azərbaycanın mineral xammal bazasında mis mühüm yer tutur. Elektrik şəbəkələri və enerji avadanlıqları üçün əhəmiyyətli olan bu metal üzrə həm hasilat təcrübəmiz, həm də yeni imkanlarımız var.
Teleqraf xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışında deyib.
O qeyd edib ki, mis hasilatı ilə yanaşı, ölkənin mineral xammal bazasında kobalt və vanadium resursları, sürmə, manqan və digər potensial kritik xammal təzahürləri mövcuddur:
“Bu imkanların sənaye əhəmiyyətinin müəyyənləşdirilməsi üçün geoloji məlumatların dəqiqləşdirilməsi, ehtiyatların beynəlxalq standartlara uyğun qiymətləndirilməsi və emal sınaqlarının aparılması vacibdir.
Bu səbəbdən geoloji məlumatların rəqəmsallaşdırılması, ehtiyatların beynəlxalq hesabatlılıq standartlarına uyğun qiymətləndirilməsi və laboratoriya imkanlarının gücləndirilməsi prioritetlərimiz sırasındadır.
Əsas məqsədimiz geoloji potensialı etibarlı məlumatlarla təsdiqlənmiş investisiya fürsətlərinə çevirmək, yerli emal imkanlarını qiymətləndirmək və Azərbaycanın kritik mineral xammal üzrə dəyər zəncirlərində rolunu gücləndirməkdir”.