BAKI, 26 sentyabr. TELEQRAF
İndiyədək Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 3,2 milyon kvadratmetrdən çox tikinti və 17 mindən çox mənzil üçün icazə verib.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Komitəsinin Şəhərsalma yenilənməsi üzrə layihələrin idarə edilməsi şöbəsinin rəhbəri Ramil Cahangirov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda panel müzakirəsi zamanı deyib.
O qeyd edib ki, yüz minlərlə kvadratmetr ərazi müxtəlif layihələndirmə mərhələlərindədir:
“Bütün bunlara birlikdə nəzər salsaq, görərik ki, bizim şəhərsalma çərçivəmiz, konseptual çərçivəmiz var və eyni zamanda bütün rayonlarda real işlər aparılır.
Bu, bizim üçün investorlarla görüşmək və müzakirəyə başlamaq baxımından çox yaxşı başlanğıc nöqtəsidir. Biz müzakirəyə kağız üzərindən və ya sıfırdan başlamırıq. Artıq nəzərdən keçirə və müzakirəyə başlaya biləcəyimiz konkret materiallar var.
Əlbəttə, istənilən müzakirə müəyyən fikir mübadiləsini və digər məsələləri tələb edəcək. Lakin bu mərhələdə sənədləşmə, artıq mövcud olan infrastruktur və onun davamlı inkişafı baxımından kifayət qədər irəliləmiş vəziyyətdəyik. Hesab edirik ki, bu, istənilən investisiya təşəbbüsünə başlamaq üçün kifayət qədər yaxşı əsasdır”.