BAKI, 27 sentyabr. TELEQRAF
Vətən müharibəsi şəhidlərinin qəhrəmanlığı və fədakarlığı Qarabağın yenidən Azərbaycana qovuşmasının ən anlamlı mirası olaraq millətimizin yaddaşında daima yaşayacaq.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşat Zorlu bildirib.
O, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda edən şəhidlərin xatirəsini dərin ehtiram və rəhmətlə yad etdiyini vurğulayıb:
"Türkiyə olaraq Qarabağda necə qardaşlarımızın yanında durduqsa, bu gün də can Azərbaycanın acısını acımız, sevincini sevincimiz bilirik. Ölkələrimiz və xalqlarımız arasındakı sarsılmaz bağlar, dünən olduğu kimi, bundan sonra da heç bir provokasiyaya keçid verməyəcək. Şəhidlərimizin əziz xatirəsi Azərbaycan və Türkiyə xalqlarının qəlbində sonsuzadək yaşayacaq. Ruhları şad, məkanları cənnət olsun".