BAKI, 25 sentyabr. TELEQRAF

“Orta Dəhliz” marşrutunda iştirak edən ölkələr arasında sərhəd prosedurları uyğunlaşdırılmalıdır. Mərkəzi Asiyadan Qərbə və ya əks istiqamətdə daşınan bütün yüklərin və konteynerlərin emalı üzrə imkanlar uyğunlaşdırılmalıdır.

Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin birinci müşaviri Taleh Ziyadov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışında deyib.

O qeyd edib ki, bu bütün dövlətlər arasında prosedurların uyğunlaşdırılmasını tələb edir:

“Tariflərin uyğunlaşdırılması da irəliləyiş əldə olunan məsələlərdən biridir. Lakin bu, bütün dövlətlərlə sıx əməkdaşlıq şəraitində həll edilməli olan mühüm komponentdir.

Əlbəttə, ən vacib məsələlərdən biri proqnozlaşdırıla bilənlikdir. İnvestisiya proqnozlaşdırıla bilən mühitin olduğu, gözlənilməz halların baş vermədiyi yerlərə yönəlir.

İnfrastruktur və ticarətdən əlavə, davamlı regional inteqrasiya etimada əsaslanır. Aydındır ki, etimad getdikcə iqtisadi dayanıqlılıqda öz əksini tapır. Bu baxımdan, Azərbaycan və Mərkəzi Asiya ölkələri münasibətlərini məhz qarşılıqlı etimad prinsipi əsasında qururlar və bu etimad onların iqtisadiyyatlarına yatırılan investisiyalar üçün əlavə təminat yaradır”.