BAKI, 25 sentyabr. TELEQRAF
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı yataqlarda hasil edilən mineral xammal və emal məhsullarının dünya bazarlarına çıxarılması da mühüm şərtdir.
Teleqraf xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışında deyib.
Nazir qeyd edib ki, bu baxımdan, Azərbaycanın strateji Orta Dəhliz üzərində yerləşməsi daşınma marşrutlarının şaxələndirilməsi və regional əməkdaşlığın genişləndirilməsi üçün ölkəyə və tərəfdaşlarına əlavə üstünlük qazandırır:
“Məhz bu geniş imkanları nəzərə alaraq, forumda təmsil olunan şirkətləri və maliyyə institutlarını geoloji kəşfiyyat, səmərəli və təkrar emal texnologiyalarının tətbiqi, habelə mütəxəssis hazırlığı üzrə fəal əməkdaşlığa dəvət edirik. Beynəlxalq tərəfdaşlarla birgə texniki əməkdaşlıq daha təmiz istehsalın təşkilinə, qabaqcıl sənaye standartlarının tətbiqinə və yerli bacarıqların inkişafına birbaşa töhfə verə bilər.
Azərbaycan öz kritik mineral potensialını məsuliyyətlə inkişaf etdirməyə, ölkə daxilində əlavə dəyər yaratmağa və qlobal təchizatın dayanıqlılığına töhfə verməyə hazırdır”.