BAKI, 25 sentyabr. TELEQRAF

Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında ticarət 2025-ci ildə əvvəlki illə müqayisədə 53 faiz artaraq təxminən 1,8 milyard dollara çatıb.

Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin birinci müşaviri Taleh Ziyadov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışında deyib.

O qeyd edib ki “Orta Dəhliz” bu əməkdaşlığın əsasını təşkil edir:

”Trans-Xəzər bağlantıları üzərində artıq on ildən çoxdur iş aparılır.

Bakının hazırda 15 milyon ton gücündə limanı var və bu gücün 25 milyon tona çatdırılması nəzərdə tutulur. Qazaxıstan yeni Qurik limanını inşa edir. Türkmənistan öz limanlarını inşa edib və ya tamamlayıb. Eyni zamanda, Qırğızıstan Özbəkistanla əməkdaşlıq edir və birbaşa Çinə uzanan dəmir yolları inşa edir.

Bütün bu inkişaflar, əlbəttə, biznes üçün yeni əlaqələr və imkanlar yaradır. Beləliklə, enerji, rəqəmsal bağlantılar və investisiyalar bütün bu inkişafların əsasını təşkil edəcək”.

T. Ziyadovun sözlərinə görə, investisiya əməkdaşlığı, bəlkə də, siyasi yaxınlaşma ilə iqtisadi imkanlar arasında ən birbaşa körpüdür:

“Azərbaycan Özbəkistan, Qazaxıstan və Qırğızıstanla fondlar kimi ikitərəfli investisiya mexanizmləri yaradıb. Hesab edirəm ki, bunlar regionumuzda ikitərəfli və birgə investisiyalar üçün çox maraqlı platformalar və imkanlar yaradır.

Türk İnvestisiya Fondu isə bu arxitekturaya daha bir çoxtərəfli təbəqə əlavə edir. Belə ki, iki dövlət arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən investisiyalar Türk İnvestisiya Fondu tərəfindən də dəstəklənə bilər”.