BAKI, 26 sentyabr. TELEQRAF

Ötən il Dövlət Məşğulluq Agentliyi 18 mindən çox işsizin peşə hazırlığına investisiya qoyub.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışında deyib.

O qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Azərbaycanda insanlarla bağlı ən böyük məlumat bazalarından birinə sahib olduğunu demək olar:

“Buraya insanları təhsili, səhiyyə ilə bağlı məlumatlar, iş təcrübəsi, əmək müqavilələri, bacarıqların inkişafı və digər məlumatlar daxildir.

Bütün bunlara əsaslanaraq bir sıra layihələrə başlamışıq və onları həyata keçiririk. Onlardan yalnız bir neçəsini qeyd edəcəyəm.

Birincisi, açıq şəkildə ən vacib istiqamətlərdən biri peşə hazırlığıdır. Ötən il agentliyimiz 18 mindən çox işsiz şəxsin peşə hazırlığına investisiya qoyub. Bu hazırlıq məhz işəgötürənlərin ehtiyaclarına uyğun şəkildə həyata keçirilib.

İkinci məsələ məlumatlılıqdır. Əmək bazarı müəyyən anlayışdır, lakin əslində bu əmək bazarının gələcək və potensial iştirakçıları bir sıra mühüm məsələlərdən xəbərdar olmalıdırlar: onları nə gözləyir və buna necə hazırlaşmalıdırlar?

Bir nümunə çəkim. 2017-ci ildən sonra doğulan uşaqların təxminən 62 faizinin gələcəkdə çalışacağı iş yerləri hələ mövcud deyil. Onlar iqtisadi fəal yaşa çatanda, əlbəttə, işləyəcəklər, lakin görəcəkləri işlərin əksəriyyəti hələ icad olunmayıb”.

H.Abbasov qeyd edib ki, bu iki məqam birləşdirilərək “Karyera yönləndirməsi” adlandırdığımız proqramı da yaradılıb:

“Burada insanlara əmək bazarına necə hazırlaşa biləcəklərini göstərmək üçün müxtəlif alətlərdən istifadə edirik.

Bu məqsədlə işəgötürənlərlə geniş əməkdaşlıq platformalarımız var. Birlikdə işlədiyimiz işəgötürənlər üçün kurslar təşkil edir, dəstək proqramları həyata keçiririk ki, onların özləri də gələcəkdə əməkdaşlarından nə gözlədiklərini daha yaxşı müəyyən edə bilsinlər”.