BAKI, 26 sentyabr. TELEQRAF
Azərbaycan turizmi destinasiya olaraq hazırdır. Bakı üçün bu, artıq müzakirə mövzusu deyil. Şəhərdə “Formula 1” yarışını izləyirsiniz və şəhərin necə canlandığını görürsünüz.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Turizm Bürosuna baş icraçı direktoru Florian Zenqstşmid II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda panel müzakirəsi zamanı deyib.
O qeyd edib ki, Bakı ilə yanaşı, regionlarda da turizm üçün geniş imkanlar mövcuddur:
“Məsələn, “Sea Breeze” təkcə milli inkişaf layihəsi deyil, inteqrasiya olunmuş kurort layihəsi kimi qlobal miqyasda seçilən layihədir. Xəzər dənizinin sahilini, canlı Bakı şəhərini vahid, böyük bir inkişaf ərazisində birləşdirir.
Lakin Azərbaycanda bununla yanaşı digər imkanlar da var. Dağlarımız var, təbiət klasterlərini inkişaf etdiririk. Məsələn, “Şahdağ” Dağ Kurortunda maraqlı layihələr həyata keçirilir və bu mövsümdən etibarən burada FIS Dünya Kubokunun yarışları keçiriləcək.
Bundan başqa, sağlamlıq və rifah, mədəni irs klasterləri, eləcə də Qarabağda azad edilmiş ərazilər var. Bu ərazilərdə təbii resursların, mədəniyyətin və irsin tam vəhdəti mövcuddur.
Beləliklə, Bakıdan kənarda da çoxsaylı bu cür mərkəzlər var. Biz diqqəti məhz bu istiqamətə, regionlara yönəltmək istəyirik. Azərbaycan təkcə Bakı ilə deyil, regionları ilə də hazırdır. İnfrastruktur var, üstquruluş var və bir çox maraqlı inkişaf layihələri həyata keçirilir”.