BAKI, 26 sentyabr. TELEQRAF
Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələri üzrə 1700 peşə və kvalifikasiya standartı hazırlanaraq işəgötürənlərin və digər maraqlı tərəflərin istifadəsinə verilib.
Teleqraf xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışında deyib.
O qeyd edib ki, bu da öz növbəsində əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təmin edilməsinə, peşə bacarıqlarının obyektiv qiymətləndirilməsinə və rəqabətqabiliyyətli işçi qüvvəsinin formalaşdırılmasına mühüm töhfə verir.
“Peşə hazırlığının səmərəliliyinin artırılması məqsədilə adambaşına maliyyələşdirmə mexanizminə keçirilmişdir və işsiz və işaxtaran şəxslər üçün 175 peşə üzrə təlimlər təşkil olunur, eləcə də bu sahədə 180-ə yaxın dövlət və özəl təhsil/təlim müəssisəsi ilə əməkdaşlıq həyata keçirilir.
Azərbaycanın qarşısında duran mühüm istiqamətlərdən biri də yaşıl iqtisadiyyatın inkişafı üçün zəruri olan yeni bilik və bacarıqlara malik işçi qüvvəsinin formalaşdırılmasıdır”, - deyə nazir əlavə edib.