BAKI, 27 sentyabr. TELEQRAF
27 Sentyabr – Anım Günü münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi və digər hərbi qulluqçuları Hərbi Memorial Məzarlığı və Şəhidlər xiyabanını ziyarət edib.
Bu barədə Teleqraf-a Müdafiə Nazirliyindən məlumat verilib.
Ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş Vətən övladlarının məzarları önünə gül dəstələri düzülüb, şəhidlərimizin xatirəsi yad edilib.
General-polkovnik Zakir Həsənov 44 günlük Vətən müharibəsini simvolizə edən abidənin və “Əbədi məşəl” abidə kompleksinin önünə gül çələngləri qoyub, şəhidlərimizin xatirəsinə ehtiram göstərib.
Sonra nazirliyin rəhbər heyəti və digər hərbi qulluqçular Zəfər parkını ziyarət edib. Burada şəhidlərə ehtiram əlaməti olaraq Zəfər abidəsinin önünə əklil və gül dəstələri qoyulub.
Tədbirlər çərçivəsində müdafiə naziri general-polkovnik Z.Həsənov və digər rəhbər şəxslər şəhid ailələri ilə görüşərək onların qayğıları ilə maraqlanıblar. Görüşlərdə şəhid ailələri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
***
10:58
Müdafiə naziri general-polkovnik Zakir Həsənov, nazir müavinləri və digər rəhbər şəxslər Zəfər abidəsini ziyarət ediblər.
Teleqraf xəbər verir ki, nazirlik əməkdaşları xatirə daşının önünə gül dəstələri qoyaraq ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə Vətən müharibəsində qəhrəmancasına həlak olan əsgər və zabitlərimizin xatirəsinə ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd olunur.