BAKI, 26 sentyabr. TELEQRAF

Prezident İlham Əliyevin himayəsi altında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin xarici sərmayə üçün açıq, əlverişli və dayanıqlı iqtisadi mühitini, eləcə də strateji layihələrdə etibarlı tərəfdaş kimi mövqeyini bir daha nümayiş etdirdi.

Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında qeyd edib.

O bildirib ki, forum çərçivəsində beynəlxalq investor və tərəfdaş şirkətlərlə əldə olunmuş investisiya razılaşmalarının dəyəri 10,8 milyard ABŞ dolları təşkil edib:

"Bu ilin iyun ayından indiyədək Bakı Enerji Həftəsi çərçivəsində elan edilmiş layihələr də nəzərə alınmaqla, planlaşdırılan birgə layihələrin ümumi dəyəri 16,7 milyard ABŞ dollarına çatacaq. Bu, investorların Azərbaycana artan inamının və ölkəmizin investisiya məkanı kimi cəlbediciliyinin yüksəldiyinin aydın göstəricisidir. Bu miqyasda investisiyalar iqtisadiyyatın şaxələndirilməsinə, yeni texnologiyaların və innovasiyaların tətbiqinə, əlavə dəyərin və məşğulluğun artırılmasına mühüm töhfələr verəcək. Tədbirdə dövlət başçısının iştirakı və çıxışı Forumun #iqtisadi əməkdaşlıq platforması kimi əhəmiyyətini daha da artırdı. Azərbaycanın investisiya potensialının daha geniş şəkildə təqdim olunmasına və yeni əməkdaşlıq imkanlarının formalaşmasına xidmət edən Forumun keçirilməsinə göstərdiyi dəstəyə görə cənab Prezident İlham Əliyevə, tədbirin təşkilatçılarına, dövlət qurumlarına, tərəfdaşlarımıza və bütün iştirakçılara təşəkkürümüzü bildiririk".