BAKI, 25 sentyabr. TELEQRAF
Bu gün Prezidenti İlham Əliyev dünyanın aparıcı investisiya şirkətlərindən olan “Brookfield Asset Management”in baş icraçı direktoru Konnor Teskini qəbul edib.
Teleqraf xəbər verir ki, "Brookfield Asset Management" (BAM) qlobal miqyasda alternativ aktivlərin idarə olunması sahəsində dünyanın ən böyük və nüfuzlu maliyyə qurumlarından biridir.
Baş qərargahı Nyu-York şəhərində yerləşən bu nəhəng korporasiyanın idarəçiliyində olan aktivlərin ümumi dəyəri 1 trilyon ABŞ dollarından çoxdur.
Əsasən real sektor investisiyaları ilə tanınan şirkət pensiya fondları, dövlət investisiya fondları, sığorta şirkətləri və digər iri institusional investorlar adından uzunmüddətli sərmayələr yatırır.
Şirkətin əsas fəaliyyət istiqamətlərinə qlobal miqyasda enerji, nəqliyyat, data mərkəzləri və kommunal xidmət şəbəkələrinə sərmayə yatırılması, su elektrik stansiyaları, külək və günəş enerjisi layihələrinin inkişaf etdirilməsi daxildir.
Həmçinin dünyanın ən böyük daşınmaz əmlak investorlarından biri olaraq ofis, ticarət və yaşayış sahələrinə nəzarət edir, müxtəlif sənaye sahələrində bizneslərin alınması, korporativ borclar və birbaşa kreditləşmə xidmətləri həyata keçirir. Son dövrlərdə korporasiya həm də süni intellekt (AI) infrastrukturlarına və qabaqcıl texnologiya layihələrinə yatırdığı milyardlarla dollarlıq sərmayələrlə diqqət çəkir.
Xatırladaq ki, "Brookfield Asset Management" aktivlərin idarə edilməsi ilə yanaşı, qlobal yaşıl enerji keçidi və iqlim dəyişikliyi ilə mübarizə layihələrinə yatırdığı irimiqyaslı sərmayələrlə də tanınır.