BAKI, 27 sentyabr. TELEQRAF

Şəhid tibb xidməti kapitanı Ceyhun Əhmədov müharibənin ilk günündən sonuna qədər bütün cəbhə boyu döyüşlərdə bir həkim kimi iştirak edib.

Bunu Teleqraf-a açıqlamasında şəhidin atası Xanlar Əhmədov Vətən müharibəsinin 6-cı ildönümü ilə əlaqədar Hərbi Memorial Məzarlığı ziyarəti zamanı deyib.

O bildirib ki, C. Əhmədov yüzlərlə əsgərin, zabitin həyatda qalmasının səbəbkarı olub.

"Oğlum vətən müharibəsindən sonra 30 noyabr 2021-ci ildə helikopter qəzasında şəhid olub. Oğlum mülki həkim olub, idmançı idi. 12 il idi fəaliyyət göstərirdi. Bu sahəni özü seçmişdi. O, çox vətənpərvər idi. Dövlət Sərhəd Xidmətinin aviasiya dəstəsinin tibb məntəqə rəisi idi.

Müharibə dövründə dözmədi və cəbhəyə getmək istədi. Müharibədən 1 həftə öncə ezamiyyəyə hazırlıq işləri üçün hərbi həkim kimi təhkim olunmuşdu. Müharibədən 1-2 ay sonra gəlmişdi. Tez-tez zəng edib niyə gəlmədiyini soruşurduq. O isə yaralılarının olduğunu, azad olunmuş ərazilərdə xəstəxanaların açılışı ilə məşğul olduğunu deyirdi", - şəhid atası qeyd edib.

O bir şəhid atası kimi qürur durduyğunu vurğulayıb:

"6 il bundan öncə bugünkü gün xalqın, hakimiyyətin, bütün siyasi partiyaların vəhdət şəkildə birləşdiyi bir gün olub. 30 illik həsrətə son qoyuldu. Mən də bir şəhid atası kimi qürurluyam, amma bu qürurun arxasında böyük bir nisgil də yatır".