BAKI, 27 sentyabr. TELEQRAF

ABŞ-nin dörd böyük telekanalı bazar günündən etibarən Prezident Donald Trampın iştirakı ilə keçirilən tədbirləri yenidən işıqlandırmağa başlayacaq.

Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzetinin mənbələrə istinadən yaydığı məlumatda bildirilib.

Nəşrin məlumatına görə, ABC, CBS, Fox News və NBC Ağ Evin mətbuat hovuzunda rotasiya qaydasında fəaliyyətini bərpa edəcək və prezidentin iştirakı ilə keçirilən tədbirləri işıqlandıracaq.

Bundan əvvəl ABC, CBS, CNN, Fox News və NBC Ağ Evin mətbuat hovuzunda iştirakdan imtina etmişdi. Buna səbəb Tramp administrasiyasının CNN, MS NOW və “Politico”nun Ağ Evdə fəaliyyətinə çıxışı məhdudlaşdırması ilə bağlı qərarı olub.

NYT qeyd edir ki, rotasiya cədvəlinə əsasən növbə CNN-ə çatanda digər telekanalların onu əvəz edib-etməyəcəyi ayrıca müəyyənləşdiriləcək. CNN-in əvəz olunmaması qərarı verilərsə, Trampın bəzi tədbirləri mətbuat hovuzunda nəzərdə tutulan qaydada işıqlandırılmaya bilər.